
“Həkimə getdim, dedilər səndə şiş xəstəliyinə şübhə var, təcili müayinə olunmalısan. Göndərdilər Milli Onkologiya Mərkəzinə. Orada müayinədən keçmək üçün mənə dedilər ki, ödəniş etməlisən. Pulumu verib, müayinədən keçdim, belə çıxır imkanım olmasaydı mənə imtina edəcəkdilər? Deyirdilər, sığorta qarşılayacaq, amma heç nə dəyişməyib, hər şey əvvəl olduğu kimi davam edir”.
Bu müraciəti Musavat.com-a Bakı şəhər sakini Lətafət Əlimuradova göndərib. Narazı vətəndaş bildirib ki, rəsmi qurumlara müraciət etsə də hələ bir cavab ala bilmir.
L.Əlimuradovanın narazılığı ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət etdik.
Agentliyin mətbuat xidmətinin rəhbəri Aynurə Əhmədova Musavat.com-a bildirdi ki, Milli Onkologiya Mərkəzi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində deyil.
“İcbari tibbi sığorta çərçivəsində tibbi xidmətlər TƏBİB-in nəzdindəki dövlət tibb müəssisələrində göstərilir. Milli Onkologiya Mərkəzi isə TƏBİB-in tabeliyində deyil. Bundan başqa onkoloji xəstəliklərin müalicəsi icbari tibbi sığortanın xidmətlər zərfinə daxil deyil”,- deyə Aynurə Əhmədova açıqlamasına əlavə edib.
A.Əhmədova qeyd edib ki, “Onkoloji yardım haqqında” Qanuna əsasən Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir.
Xatırladaq ki, 1 aprel 2021-ci il tarixindən Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərində icbari tibbi sığortanın tətbiqi ilə icbari tibbi sığorta bütün ölkəni əhatə etdi. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb. Agentliyin açıqlamasında qeyd olunur ki, vətəndaşlar 2550 sayda tibbi xidmətdən pulsuz istifadə edə bilərlər. Xidmətlər Zərfinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ixtisaslaşdırılmış ambulator yardım xidməti, laboratoriya, fizioterapiya, invaziv radiologiya və stasionar tibbi xidmətlər daxildir.
Məlumatda qeyd olunub ki 1 yanvar 2021-ci tarixindən icbari tibbi sığorta haqlarının yığımına başlanılıb. Rəsmi iş yeri və gəliri olan vətəndaşlar istisna olmaqla digər bütün şəxslərin sığorta haqları dövlət büdcəsindən ödənilir. Vətəndaşlar səhhətlərində hər hansı narahatlıq olduqda yaşayış yeri üzrə tibb müəssisəsinə yaxınlaşıb xidmətlər zərfi çərçivəsində pulsuz xidmət ala bilərlər.
Comments