top of page

Bu payız "Evdə qal" kampaniyası olmayacaq

  • Фото автора: Azadpress.az
    Azadpress.az
  • 13 сент. 2020 г.
  • 3 мин. чтения


Vasif İsmayılın fikrincə, arxayınlaşmağa və rus peyvəndinə bel bağlamağa əsas yoxdur, pandemiya gələn ilin yazına qədər davam edəcək

Pandemiyanın yeddinci ayındayıq və koronavirusa gündəlik yoluxma sayında təzadlı rəqəmlərlə qarşılaşırıq. Bir gün infeksiyaya yoluxanların sayı 89 nəfərə düşürsə, ertəsi gün 175 nəfərə qalxır. Bunun gerçək səbəbləri açıqlanmasa da, qeyri-müəyyən mənzərə ilə üz-üzəyik. Belə görünür ki, hələ uzun müddət mikrobla yaşamağa davam etməli, yoluxanlar haqda ilin sonuna qədər eşitməli olacağıq.


“Yeni Müsavat” xəbər verir ki, insanlar sərt karantindən yeni çıxmağa başlayıblar, tədricən normal həyata adaptasiya olmağa çalışırlar, amma Operativ Qərargahın yumşalmalara getməsi bir çoxlarında arxayınlıq yaradıb. Çayxanalarda, avtobuslarda, ictimai yerlərdə gedən söhbətlərdə virusun olmadığı, yoluxma statistikasında rəqəmlərlə manipulyasiya edildiyi söylənir, pandemiya dünyada nəhəng siyasətçilərin bir projesi hesab edilir. Əhalinin bir qrupu isə Rusiyanın COVİD-19 əleyhinə peyvənd kəşf etdiyini düşünərək narahatlığa əsas görmür, təhlükəli dövrün geridə qaldığını bildirir. Hərçənd ki Türkiyə, İran və Gürcüstana baxanda epidemiyanın növbəti həmləsini müşahidə edirik. Bu mənada arxayınlaşma ciddi fəsadlara gətirib çıxara bilər.

Doktor Vasif İsmayılın “Yeni Müsavat”a bildirdiyinə görə, karantinin yumşalması kimlərdəsə arxayınlıq yarada bilər. Onun fikrincə, bunun heç bir əsası yoxdur və COVİD-19  virusundan heç vaxt arxayınlaşa bilməyəcəyik.  V.İsmayıl hesab edir ki, son bir neçə gündə xəstələrin sayının artmasına diqqət etmək lazımdır və bəzi adamlarda pıçıldaşmalar başlayıb: “Əgər insanlar düşünürsə Rusiya peyvəndi var və təhlükə sovuşub, yanlış təsbitdir. Müəyyən adamlar arxayın ola bilər, amma hamıya şamil etməzdim. Biz hələ bu virusla bir müddət də yaşayacağıq. Sözsüz ki, gələn ilin yazına qədər pandemiya davam edəcək. Sadəcə, payızda ”Evdə qal” karantini olmayacaq”.

V.İsmayılın sözlərinə görə, insanlar karantin qaydalarını mənimsəyiblər, təcrübə var və evə qapanmağa ehtiyac olmayacaq: “Əgər payızda yoluxma artsa, müəyyən iş yerləri müvəqqəti bağlana bilər. Bunu istisna etmirəm. Amma bu il respirator xəstəliklər, adi qrip az olacaq. Ona görə ki, uzun müddət karantində qaldıq, sosial izolyasiya tətbiq olundu. Ümumilikdə isə gələn ilə qədər pandemiya davam edəcək”.

Azərbaycanın baş infeksionisti, tibb elmləri namizədi Cəlal İsayev Teleqraf.com-a deyib ki, iri ticarət mərkəzlərinin və “mall”ların fəaliyyətinin bərpası üçün epidemioloqlarımız yekdil qərara gələ bilərlər. “Bu ticarət mərkəzlərində çoxsaylı insanlar ailələrinin dolanışığını təmin edir. Eyni zamanda bu məkanlar insanların çox toplaşdığı yerdir. Burada məhdudiyyətlər qoymaqla, mexanizmlər işləyib hazırlamaqla ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilə bilər. Güman edirəm ki, mütəxəssislər bunun üzərində işləyir və epidemioloqlarımız bir qərara gələ bilərlər”, – deyə C.İsayev bildirib.

Bu arada Daxili İşlər Nazirliyi və Baş Dövlət Yol Polisi İdarəsi şəhərdaxili ictimai nəqliyyat vasitələrindən istifadə edən hərəkət iştirakçılarına tibbi maskalarla bağlı müraciət edib.

Deyilir ki, son vaxtlar Bakıda fəaliyyət göstərən şəhərdaxili avtobus marşrutlarında bəzi sürücü və sərnişinlərin tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadə etməmələri, eləcə də avtobuslarda həddən artıq sərnişin sıxlığının yaşanması müşahidə edilir. Sərnişinlərin məsafə gözləmədən bir-biriləri ilə yaxın təmasda olmaları, onların koronavirus (COVİD-19) infeksiyasına kütləvi şəkildə yoluxma riskini artırır və son bir neçə gündə ölkə ərazisində yoluxma sayının yüksəlmə səbəblərinin daha çox məhz bu faktorla əlaqəli olması ehtimal edilir.

Qeyd olunan halların qarşısının alınması məqsədilə BDYPİ bir daha hərəkət iştirakçılarından, xüsusilə ictimai nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərdən xahiş edir ki, özlərinin və yaxınlarının sağlamlığının qorunması naminə, habelə bu tələblərin yerinə yetirilməməsinə görə inzibati məsuliyyətə cəlb edilməmələri, eləcə də xüsusi karantin rejiminin yenidən sərtləşdirilməməsi üçün mütləq qaydada tibbi maskalardan istifadə etsinlər və avtobuslarda mümkün qədər daha çox sosial məsafənin saxlanılmasının vacibliyini nəzərə alaraq, sərnişinlərin sayı nisbətən artıq olan ictimai nəqliyyat vasitələrinə minməkdən çəkinsinlər.

Xatırladaq ki, Azərbaycanda sentyabrın 10-dək ümumilikdə 37732 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 35119 nəfər müalicə olunaraq sağalıb, 555 nəfər vəfat edib, aktiv xəstə sayı 2058 nəfərdir. Ölkədə son sutka ərzində 7140, hazırkı dövrədək isə 980978 test aparılıb. Azadpress.az

Comments


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page