top of page

Bakıda su qıtlığının səbəbi nədir...


Bir neçə gündür Bakı şəhərinin bəzi ərazilərində su ilə bağlı ciddi problem yaşanır. Xüsusən, Bakıətrafı ərazilərdə, o cümlədən, Xətai, Binəqədi, Suraxanı, Sabunçu  rayonlarında əhali içməli suyun olmamasından əziyyət çəkir. Kəskin istilərin və xüsusi karantin rejiminin qüvvədə olduğu bir vaxtda suyun kəsilməsi sakinləri lap çətin vəziyyətdə qoyub.

Virtualaz.org xəbər verir ki, “Azərsu” ACS-nin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Anar Cəbrayıllı “ASAN Radio”ya müsahibəsində bildirib ki, suyun verilişində yaranan problemin səbəbi havaların istiləşməsi və suya olan tələbatın kəskin artmasıdır: “Havaların kəskin istiləşməsi, insanların daha çox evdə qalması, bağ evlərində içməli sudan suvarma suyu kimi istifadə edilməsi, şəhərə və xarici səyahətlərə çıxışın məhdudlaşdırılması suya olan tələbatı iyun ayının birinci ongünlüyündə təxminən 38 faiz artırıb. Kəskin artımlar fonunda hidravlik rejimlərdə müəyyən kənarlaşmalar, pozulmalar baş verib. Bununla əlaqədar olaraq Bakının bəzi ərazilərində suyun verilişində qrafik dəyişikliyi oldu, təzyi aşağı olması halları müşahidə olundu. Artıq biz son iki gündə problemin çox hissəsini çözmüşük. Suraxanı, Sabunçu, Xətai rayonlarının böyük hissəsində stabilliyə nail olmuşuq. Amma hələ də lokal problemlər qalır.”


A. Cəbrayıllının sözlərinə görə, hazırda Masazır ərazisində, Suraxanı rayonunda yerləşən Bahar bağlarında, Sabunçu rayonunun Balaxanı qəsəbəsində yüksəklikdə yerləşən ərazilərdə və bəzi yeni salınmış massivlərdə, o cümlədən Binəqədi rayonunun Binəqədi qəsəbəsində və ətraf ərazilərdə problemlər var. “Azərsu” bununla əlaqədar olaraq qapanma günlərində mənbələridən verilən suyu artırıb. O, bildirib ki su ilə bağlı “Azərsu” ASC-yə edilən bütün şikayətlər nəzarətə götürülüb. ASC-nin mütəxəssisləri insanların içməli su ilə təmin edilməsinə çalışırlar.

A. Cəbrayıllı həmçinin əhaliyə çağırış edib ki, sudan qənaətlə istifadə olunsun: “Xüsusən də, bağ evlərində yaşayan və içməli sudan suvarma məqsədilə istifadə edən əhaliyə demək istəyirəm ki, sudan qənaətlə istifadə etsinlər. Çünki onların sudan qənaətlə istifadə etməsi digər abonentlərimizin susuz qalmasının qarşısını alır. Hazırda lokal problemimiz mərkəzləşdirilmiş şəbəkələrin qurulmadığı yerlərdə, insanların fərdi şəkildə çəkdiyi su xətlərində baş verən problemlərdir. Çünki orada standartlara uyğun olmayan kiçik diametrli xətlərdir. Tələbat artdıqda orada təzyiq formalaşmır və müəyyən problemlər  yarana bilir. Məsələ tam nəzarətimzidədir və bizim mütəxəssilərimiz hər bir rayon üzrə mərkəzi  idarənin istismar, korporativ idarəetmə və kommunikasiyalara nəzarət şöbəsi ilə birgə bu məsələnin tənzimlənməsi ilə məşğuldurlar”, - A. Cəbrayıllı bildirib. Azadpress.az

Comentarios


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page