
Əlillərin əmək hüquqlarının qorunması,onların məşğulluğunun və işlə təminatının təşkili, onların digər şəxslərlə müqayisədə daha güzəştli və əlverişli şərtlərlə əmək münasibətlərinin təmin edilməsi vacibdir. Bu səbəbdən də əlillərin əmək hüquqlarının qorunması qanunvericilikdə xüsusilə əhəmiyyət kəsb edir.
"Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" qanunda əlillərin əmək hüquqlarının müdafiəsi məqsədilə bir sıra qadağalar müəyyən edilib. Belə ki, həmin qanunda işəgötürənlərə əlillərlə sağlamlıq imkanlarının məhdudluğu mülahizələrinə görə əmək müqaviləsini bağlamaqdan, yaxud işdə irəli çəkməkdən imtina edilməsi, müdiriyyətin təşəbbüsü ilə onun işdən azad edilməsi, öz razılığı olmadan başqa işə keçirilməsi qadağan edilir. Bu qadağalar yalnız Tibbi-Sosial Ekspert Komissiyasının rəyinə görə əlilin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallarda istisna təşkil edir".
"Eyni zamanda təəssüflə qeyd etmək lazımdır ki,bütün bu qanun-qaydalara baxmayaraq əlilliyi olan şəxslərin işləmək imkanları məhduddur.Əlillərin böyük əksəriyyəti işsizdir.Əlilliyi olan şəxslərin işlə təmin oluna bilməməsinin bir neçə səbəbi var.Qanunvericilikdə qeyd olunub ki,əlili işə götürən şəxs onun üçün bütün şəraiti yaratmalıdır. Lakin əlillərlə bağlı heç bir vergi və ya digər güzəştlərin olmadığı üçün işəgötürən üçün belə şəxsləri işə götürmək maraq kəsb etmir.İdarə və təşkilatlarda çalışan 25 nəfərdən biri əlilliyi olan şəxs olmalıdır.Azərbaycanda isə əsasən kiçik sahibkarlıqdır və belə olan halda işçi sayı 25 nəfərə çatmır.Bu da sahibkara imkan verir ki,qanundan yayınsın və əlili işə götürməsin.Əlil işçi üçün infrastruktur təşkil etməyən işəgötürəni böyük cərimə gözləyir. Hesab edirəm ki,dövlət əlilliyi olan şəxsləri işə götürən sahibkara müyyən imtiyazlar verməlidir.
Müəyyən dərəcədə özəl sektor əlili işə götürsə də,dövlət sektorunda ümumiyyətlə əlilliyi olan şəxsin işləməsi problemdir.Çünki dövlət sektorunda çalışmaq üçün həqiqi hərbi xidmətdə olmaq tələb olunur.Əlilliyi olan şəxs isə hərbi xidmətdə olmayıbsa,işə götürmürlər.Təklif ediəm ki, əlillərin işlə təmin edilməsi üçün dövlət işəgötürənlərə güzəştlər etsin və infrastrukturu özü yaratsın"-deyə,hüquqşünas bildirib.
Azərbaycanda əlillərin əmək hüquqları 2008-ci ildə qoşulduğu "Əlillərin hüquqları haqqında" Konvensiyaya ilə də müdafiə olunur.
Həmin Konvensiyaya görə, iştirakçı dövlətlər əlillərin əmək hüququnu tanıyırlar. Həmçinin bu sənəd əlillərə münasibətdə ayrı-seçkiliyi qadağan edir. Beynəlxalq qanunvericilikdə bərabər şərait və eyni dəyərli əməyə görə bərabər mükafatlandırılma, əlillərin əmək və həmkarlar təşkilatı ilə bağlı hüquqlarını digər şəxslərlə bərabər həyata keçirə bilməsinin təmin edilməsi, əlillərin dövlət sektorunda işə qəbul edilməsi kimi hüquqları xüsusi yer tutur
Zaur Seyidzadənin sözlərinə görə, əlilliyi olan şəxslərin əmək hüquqlarının qorunması dövlətin sosial siyasətinin əsas istiqamətlərindən birini təşkil etməli və onlara qayğı və diqqət göstərilməsi dövlət əhəmiyyətli məsələ hesab edilməlidir.Azadpress.az