
Azərbaycan Respublikasının Gənclər Fondu yeni layihəyə başlayıb.
Azadpress.az xəbər verir ki, Fond işə düzəlməkdə çətinlik çəkən gənclərin məşğulluğunun artırılması məqsədilə əməkhaqqının qismən maliyyələşdirilməsi proqramına start verib.
Proqramın təqdimatında çıxış edən Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov proqram barədə ətraflı məlumat verib. O bildirib ki,ölkə gənclərinin hərtərəfli inkişafı, onların üzləşdiyi problemlərin həll edilməsi, o cümlədən, gənclərin layiqli məşğulluğunun təmin edilməsi ölkə başçısı İlham Əliyevin hər zaman diqqət mərkəzindədir. Gənclər siyasəti haqqında Qanun və “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda gənclərin məşğulluğunun artırılması dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir.
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə gənclərin məşğulluğunu təmin etmək, eləcə də işə düzəlməkdə çətinlik çəkən gənclər üçün əlavə iş yerləri yaradan işəgötürənləri həvəsləndirmək məqsədilə, gənclərin işə cəlb edilməsini nəzərdə tutan layihələr çərçivəsində gənclərə ödəniləcək əmək haqqının qismən maliyyələşdirilməsi Fondun vəzifələri sırasına daxil edilib"-deyə,Fərid Cəfərov qeyd edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev tədbirdə çıxış edib: “Gənclərimiz Azərbaycan əhalisinin 25 faizindən çoxunu təşkil edir. Gənclər siyasətinin nəticəsi olaraq, onlar bu gün ölkəmizin həyatının müxtəlif sahələrində aparıcı rollara malikdirlər”
Gənclər Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə birlikdə 29 yaşına qədər olan orta-ixtisas təhsil müəssisələri və ali təhsil müəssisələrinin məzunları üçün Gənclərin Məşğulluğu Proqramına başlayır. Proqramın həyata keçirilməsi gənclərin uğurlu karyera planlaşdırılmasına (ixtisas üzrə iş tapmaq), əlavə iş (xüsusilə də regionlarda) yerlərinin yaradılmasına, gənc müraciətçinin ilk iş təcrübəsini əldə etməsinə, əmək bazarında rəqabətin artırılmasına töhfə verəcəkdir.
Proqram çərçivəsində işə cəlb olunan gənclərlə minimum 1 illik əmək müqaviləsinin bağlanması və əmək haqqının müəyyən müddətə qismən Fond tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur.
Proqramda iştirak etmək istəyən gənclər Fondun internet səhifəsində www.youthfoundation.az qeydiyyatdan keçib, elektron xidmətlər bölməsindən onlayn qaydada müvafiq vakansiyaya müraciətlərini göndərə bilərlər.
Bakı və regionlarda yerləşən Gənclər evlərində proqram barədə infosessiyalar təşkil ediləcək, bununla yanaşı, müraciət etməkdə çətinlik çəkən şəxslərə Gənclər evlərində müvafiq texniki yardım göstəriləcək.
Maliyyələşmə üzrə qərar qəbul edilərkən iş təcrübəsi olmayan, sosial həssas kateqoriyadan olan və region gənclərinə üstünlük veriləcək.
Gənclər, həmçinin Fond və Məşğulluq Xidməti tərəfindən təşkil ediləcək karyera planlaması və peşə təlimlərində iştirak etmək imkanı əldə edəcəklər.Azadpress.az
