
Ermənistan 2020-ci ildə 4 SU-30SM alacaq.
Ermənistanın Rusiyadan Su-30SM müasir qırıcılarını almasına dair müqavilənin təfərrüatları məlum olub. “Kommersant” qəzetinin yazdığına görə, Rusiya Ermənistana 4 belə qırıcı satacaq. Özü də texnikanın qiyməti ixrac qiymətindən xeyli ucuz, Rusiya ordusu üçün nəzərdə tutulan qiymət olacaq. Qəzet yazıb ki, bunu Ermənistan və onun baş naziri Nikol Paşinyan üçün mühüm hadisə hesab etmək olar. Çünki on illərdən bəri ilk dəfə Ermənistan Hərbi Hava Qüvvələri işlənmiş deyil, yeni aviatexnika alacaq.
Qırıcıların alınmasına dair müqavilənin bağlandığı haqda ötən gün Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişdilər. Lakin alınacaq təyyarələrin sayı və digər təfərrüatlar açıqlanmamışdı. Bildirmişdilər ki, Rusiyanın ayırdığı növbəti güzəştli 100 milyon dollar silah krediti çərçivəsində silahların alınması reallaşmaq üzrədir. Rusiyanın aviasiya sənayesindəki müəssisələrdən birinin top-meneceri deyib ki, müqavilənin şərtinə əsasən, Ermənistan 2020-ci ildə 4 Su-30SM qırıcısı alacaq. “Sövdələşmə KTMT xətti ilə əldə edilib. Müqavilə kommersiya xarakterli hesab edilsə də təyyarələrin alınması Rusiyanın ayırdığı güzəştli kredit hesabına həyata keçirilir. Ermənistan HHQ üçün hər maşının qiyməti Rusiya silahlı qüvvələri üçün nəzərdə tutulan qiymət olacaq” - mənbə bildirib.Azadpress.az