top of page

Suriyanın yeni Konstitusiyası İstanbulda yazılır

  • Фото автора: Azadpress.az
    Azadpress.az
  • 29 окт. 2018 г.
  • 3 мин. чтения

Oktyabrın 27-də İstanbulda Türkiyə, Rusiya, Fransa və Almaniya dövlət və hökumət başçılarının iştirakı ilə Suriya sammiti keçirilib. Suriyadakı hərbi-siyasi vəziyyət, münaqişənin həlli yolları, eləcə də ölkənin bərpası mövzularının ələ alındığı ali toplantıda Ərdoğan, Putin, Makron və Merkellə yanaşı BMT-nin Suriya üzrə xüsusi təmsilçisi Stefan de Mistura da iştriak edib. BBC-nin məlumatına görə, toplantı 2 saat 45 dəqiqə davam edib və görüşdən dərhal sonra sammitin birgə açıqlaması yayılıb. Birgə açıqlamada Suriyada atəşkəsin qorunub saxlanılması, eləcə də terrorçu qruplara qarşı mübarizənin davam etdiriləcəyi vurğulanıb. Bundan başqa ilin sonuna qədər Suriyada yeni konstitutiyanı hazırlayacaq Konstitusiya Komitəsi qurulması razılaşdırılıb. Türkiyə prezidenti toplantıdan sonra bildirib ki, toplantı ölkələrinin əsas hədəfi cəbhədə atəşkəsin qorunub saxlanması, qan tökülməsinin dayandırılması olub. Bundan başqa Suriya xalqının maraqlarına uyğun şəkildə siyasi həllə nail olunması və bununla da ölkədə davamlı sabitliyin əldə olunmas ilə bağlı görülə biləcək işlər müzakirə olunub. Türkiyə prezidenti optimist görünüb. Bildirib ki, Suriyada davamlı sülhün əldə olunacağına inanır. Bundan başqa, birgə açıqlamada hərbi həll yolunun deyil, siyasi həllə üstünlük verilməsi, suriyalıların vətənlərinə geri dönməsi prosesinin BMT müşahidəsi altında aparılması barədə razılıq əldə olunub. Ərdoğan bildirib ki, Ankara 17 sentyabrda Soçidə Türkiyə və Rusiya prezidentləri arasında əldə olunmuş razılaşmada Türkiyə tərəfinin üzərinə düşən öhdəliklər yerinə yetirilib. Fransa prezidenti Makron isə deyib ki, dünya ölkələrinin Soçi anlaşmasına riayət etməsi lazımdır. Merkel bildirib ki, əldə olunan razılaşma əsasında aparılacaq siyasi həll prosesinin sonunda Suriyada ümumxalq seçkiləri keçirilməli və bu zaman ölkədəki vətəndaşlarla yanaşı diaspor, eləcə də xaricdəki suriyalılar da seçkilərdə iştirak etməlidir. Ərdoğan isə bildirib ki, Suriya prezidenti Bəşər Əsədin taleyi ilə bağlı son qərarı Suriya xalqı verəcək. Rusiya prezidenti Putin isə ilin sonuna qədər konstitusiya komitəsinin qurulması təklifini dəstəklədiklərini bildirib. Ancaq o deyib ki, konsitutiya hazırlıqlarının uğurlu olması üçün onun sakit və Suriyanın hazırkı hakimiyyətinə hörmət içərisində olmalıdır. Bundan başqa, Əsədin aqibəti ilə bağlı müzakirələrin olması sualına cavab olaraq Putin deyib ki, sammitdə hər hansı şəxsin taleyi ayrıca müzakirə mövzusu olmayıb. Rusiya lideri hədələyib ki, əgər silahlılar siyasi həll prosesinə mane olsalar, İdlibdə silahlı provokasiyalar olsa, Rusiya Suriya hakimiyyətinə terror təhlükəsinin qarşısını almaq üçün başlayacağı əməliyyatlara dəstək verəcək. Qeyd edək ki, sözügedən sammitin sentyabrın 7-də keçirilməsi planlaşdırılsa da, müəyyən səbəblərdən baş tutmamışdı. İndi isə belə görünür ki, Suriya prosesində aktiv ölkələrin İstanbulda bir araya gəlməsi müəyyən mənada ortaq bir variant üzərində razılaşmanın olmasını hədəfləyib. Çünki İstanbul toplantısına Suriyada aktiv hərbi gücü ilə təmsil olunan İran və ABŞ dəvət olunmayıb. Aydın məsələdir ki, Suriyanın gələcəyi ilə bağlı qərarlar Rusiya, Türkiyə, eləcə də ABŞ və İrandan daha çox asılı olacaq. İstanbul sammiti isə bir mənada hərbi həldən daha çox siyasi həll prosesi və ən əsası ölkənin yenidən bərpa olunması məsələsini müzakirə etmək üçün təşkil olunub. Lakin görünür ki, İstanbul sammiti həlledici qərarlar baxımından uyğun şəraitdə keçməyib. Bunu verilən bəyanatlar da təsdiq edir.

Digər tərəfdən, sammitin rəsmi açıqlamasında liderlərin məhz ərazi bütövlüyünə daha çox vurğu eləməsi, bir mənada sammitin çox ciddi nəticə əldə etmədiyini sübutudur. Çünki ərazi bütövlüyü məsələsində dünya birliyi həmfikirdir, indi əsas mövzular yuxarıda qeyd etdiyimiz kimi, daha qəti qərarlar tələb edirdi. Xatırladaq ki, Dünya Bankının rəqəmlərinə görə, müharibədən bu yana Suriyaya təxminən 227 milyard dollara yaxın maddi ziyan dəyib. Ölkənin yenidən inşası üçün 350 milyard dollara ehtiyac var. Prezident Bəşər Əsəd isə bu ilin aprelində rusiyalı deputatlarla görüş zamanı ölkənin yenidən bərpası üçün 400 milyard dollara yaxın vəsaitə ehtiyac olduğunu bildirib. Eyni zamanda Əsəd ölkədə infrastrukturun yenidən bərpası üçün 10-15 ilə ehtiyac olduğunu bildirib. Ancaq belə görünür ki, İstanbulda Suriyanın bərpasından öncəki mövzular həllini tapa bilməyib. Azadpress.az Musavat.com-a istinadən. 


Commentaires


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page