
“Azərbaycan mədəniyyətlərarası dialoq, digərlərinə qarşı tolerantlıq və hörmət nöqteyi-nəzərindən beynəlxalq ictimaiyyətə bir çox şeylər təklif edə bilər”.
Azadpress.az xəbər verir ki,Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Parisdə UNESCO-nun baş qərargahında 1999-2009-cu illərdə təşkilatın baş direktoru olmuş Koişiro Matsuuranın anadan olmasının 80 illiyi münasibətilə konfransda çıxış zamanı deyib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Koişiro Matsuuranı 80 illik yubileyi münasibətilə təbrik edərək deyib:
“UNESCO-nun baş direktoru vəzifəsində gördüyünüz işləri çox yüksək qiymətləndiririk. Sizin fəaliyyətiniz zamanı aparılan islahatlar UNESCO-nun dünya üzrə nüfuzunun gücləndirilməsinə imkan verdi. Biz bir çox uğurlu humanitar layihələrdən söz açdıqda sizin adınız həmişə qeyd olunur, məsələn, “Hamı üçün təhsil” beynəlxalq layihəsi və bir çox digərləri. Sizin rəhbərliyiniz altında UNESCO və ölkəmiz arasında münasibətlər daha da möhkəmlənib. Dərin minnətdarlıq hissi ilə biz sizin Bakıya səfərlərinizi, birgə forum və konfranslarımızda şəxsən iştirakınızı xatırlayırıq. Mən sizin ilk beynəlxalq “Muğam aləmi” festivalında iştirakınızı xatırlayıram. Sizin iştirakınızla biz Azərbaycan Dövlət Xalça Muzeyinin və Beynəlxalq Muğam Mərkəzinin təməlini qoymuşuq. Sizinlə bir yerdə Müasir İncəsənət Muzeyinin açılışını etmişik. Bu gün bu mədəniyyət mərkəzləri paytaxtımızın ən çox ziyarət olunan və maraq doğuran yerlərinə çevrilib. "2007-ci ildə biz Azərbaycanda peşə hazırlığını inkişaf etdirmək üçün layihənin birgə icrası üzrə sənədə imza atdıq. Sonra 2009-cu ildə qeyri-maddi mədəni irsin qorunmasında strateji məqsədləri təmin etmək üçün Əməkdaşlıq Sazişini imzaladıq. Sizin rəhbərliyiniz dövründə bizim tarixi abidələrimiz olan Bakının İçərişəhəri, Şirvanşahlar sarayı, Qız qalası, habelə Qobustan qayaüstü təsvirləri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Musiqimizin inciləri olan muğam və aşıq sənəti Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Sizin səyləriniz nəticəsində 2004-cü ildə mənə UNESCO-nun şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri titulunu almaq şərəfi nəsib olub və o vaxtdan bəri mənə göstərilən etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməmişəm. Əziz cənab Matsuura, biz Azərbaycanla UNESCOarasında ikitərəfli əlaqələrin gücləndirilməsində sizin şəxsi səylərinizi çox yüksək qiymətləndiririk”.